MÜHAZİRƏ 3
MÖVZU: MÜASIR KOMPÜTERLƏRİN PROQRAM TƏMİNATI.
PROQRAM TƏMINATININ KOMPONENTLƏRI. ƏMƏLİYYATLAR SİSTEMİ.
Plan:
1. Kompüterlərin proqram təminati.
2. Proqram təminatinin
vəzifələri və növləri.
3. Tətbiqi proqramlar
və onların təyinatı.
4. Əməliyyatlar
sistemi.
Kompüter digər qurğulardan fərqli olaraq onun
üçün əvvəlcədən hazırlanmış proqrama uyğun işləyən və ona daxil olan
informasiyanın təhlilinə aid istənilən əməliyyatları yerinə yetirən qurğudur. Odur ki, kompüter üçün onun başa
düşəcəyi dildə və ətraflı əməllər ardıcıllığı, yəni proqram tərtib
olunmalıdır. Proqram-maşının addım-addım yerinə yetirəcyi təlimatlar
və yaxud əmrlər siyahısıdır. Kompüterdən istifadə etmək və onun tətbiq sahəsini
genişləndirmək üçün onlar proqram təminatına malik olmalıdır. Proqram
təminatı elə proqramlar
kompleksidir ki, onsuz kompüterin işini təsəvvür etmək olmaz. Proqram təkcə
konkret məsələni həll etmək üçün deyil, istifadəçi ilə kompüter arasında ünsiyyət
yaratmaq, informasiya emalı prosesini idarə etmək, məsələnin həllində
proqramçıya kömək etmək, səhvləri aşılayıb ona çatdırmaq və s. üçün lazımdır. Proqram
təminatı kompüter istifadəçisinin araşdırdığı problem və məsələlərin həllini
təşkil edən proqramlar yığımıdır.
İş üsuluna
görə proqram təminatına daxil olan proqramlar üç kateqoriyaya bölünürlər:
1. Sistem
proqramları. Belə proqramlar həmişə işə hazır
vəziyyətdə olub yaddaşda saxlanılırlar. Onların əsas vəzifəsi kompüterin
qurğuları və aparat hissəsi ilə iş prosesində istifadə edilən digər proqramlar
arasında əlaqə yaratmaqdır. Belə proqramlara BİOS proqramını göstərmək olar;
2. Qeyri-rezident
(adi) proqramlar. Ən geniş yayılmış kateqoriyalı
proqramlardır. Bu proqramlar vasitəsilə istənilən növ məsələni kompüterdə həll
etmək mümkündür. Bu proqramlar işlərini bitirdikdən sonra əməli yaddaş
boşaldılaraq idarəetmə digər proqramlara verilir.
3. Rezident
proqramlar.
Belə proqramlar adi proqramlardan fərqli olaraq
idarəetməni digər proqramlara ötürdükdə əməli yaddaşdan silinmirlər və onlar
proqramların icrası qurtardıqdan sonra idarəetməni öz üzərinə götürürlər.
Kompüterdə
istifadə olunan proqram təminatı funksional təyinatına görə üç qrupa bölünürlər:
1. İdarəetmə
və müxtəlif köməkçi funksiyaları yerinə yetirən sistem proqram təminatı. Məsələn, istifadə olunan informasiyanın
surətinin çıxarılması, kompüterdə qurğunun işçi vəziyyətdə olmasının yoxlanması
və s.
2. Kompüterdə
yeni proqramların yaradılmasını təmin edən proqramlaşdırma
sistemləri və ya instrumental
sistemlər;
3. İstifadəçinin
müəyyən işlərini həyata keçirən tətbiqi
proqramlar. Məsələn, mətn redaktorları, şəkil və qrafiklərin çəkilməsi və
s.
Sistem proqram təminatı:
Sistem proqram təminatı kompüterdə informasiyanın emalı prosesini təşkil
edir.
Sistem
proqramları aşağıdakılardır:
1. Əməliyyat
sistemləri;
2. Şəbəkə
sistemləri;
3. Xidməti
proqramlar və s.
Sistem proqramlarının vasitəsilə
diskləri formatlaşdırmaq, kompüterə qoşulan xarici qurğuların parametrlərini təyin
etmək, əməli yaddaş və digər qurğuları testdən keçirmək, çapı təşkil etmək,
lokal və qlobal şəbəkələrlə əlaqə yaratmaq mümkündür.
Əməliyyat
sistemləri sistem proqram təminatının əsasını təşkil
edir. Əməliyyat sistemləri fərdi kompüterlərin vacib elementlərindən biridir.
Əməliyyat sistemi kompüter qoşulduqda işə düşən, kompüterin bütün hissələrinin
işləməsini təmin edən və informasiyanı idarə edən proqram sistemidir. Əməliyyat
sistemi məlumatların saxlanması və onun emalının idarə edilməsi ilə yanaşı
istifadəçi üçün də interfeysə malikdir.
Şəbəkə əməliyyat sistemləri lokal
və qlobal kompüter şəbəkələrinin meydana gəlməsilə əlaqədar istifadəçinin
hesablama şəbəkəsinin bütün resurslarına müraciəti təmin edir.
Şəbəkə
proqram təminatı paylanmış hesablama şəbəkəsinin ümumi
ehtiyatlarını idarə edir. Ümumi ehtiyatlara yaddaş qurğuları, periferiya
qurğuları, ortaq proqram təminatı və s., şəbəkə proqram təminatına isə Windows 2000 for Server, Windows NT Server,
Netware, Windows for Workgroup və s.
aiddir.
Əməliyyat sisteminin tərkibinə bir sıra işləri yerinə yetirən xidməti proqramlar daxildir. Bu
proqramlar kompüterdən istifadəni və onun texniki xarakteristikalarını xeyli yaxşılaşdırır.
Bu proqramlar kompüterin aparat hissəsinin işinə nəzarət edir, nasazlıqları
aşkarlamağa, onların harada baş verdiyini müəyyənləşdirir, əməliyyat sisteminin
nüvəsinə müraciət etməyə, proqramların xarici yaddaş qurğularından (disklərdən
və viçesterdən) əməli yaddaşa yüklənməsinə, iş zamanı səhvləri düzəltməyə,
proqram modulları arasında əlaqə yaratmağa, disklərin formatlaşdirilmasına və
sair işlərin həyata keçirilməsinə imkan verir.
Xidməti
proqramlara aşağıdakılar aiddir:
·
interfeys proqramları;
·
fayl, kataloq və qovluqlarla işləmə
proqramları;
·
antiviruslar;
·
arxivləşdirmə proqramları;
·
proqram örtükləri;
·
qurğuların iş qabiliyyətini
yoxlayan proqramlar;
·
qurğuların işini idarə edən
proqramlar - drayverlər;
·
köməkçi proqramlar.
Xidməti proqramlar kompüterin istismarı zamanı aşağıdakı köməkçi
funksiyaları yerinə yetir:
v
kompüteri diaqnostika edərək
nasazlıqları aşkar edir və imkan daxilində onları aradan qaldırır;
v
arxivləşdirmə proqramları faylları
sıxaraq həcmlərini kiçildir (ARJ, ZİP, WINZIP? WINRAR);
v
antivirus proqramlar kompüterin
viruslrla yoxlanmasının qarşısını alır və əmələ gələn virusları arada götürür
(NOD32, Антивирус Касперского və s.).
İnstrumental proqramlar (Proqramlaşdırma sistemləri):
İnstrumental
proqramlar və ya proqramlaşdırma sistemləri yeni
proqram vasitələri (sistem və tətbiqi) yaratmaq üçün istifadə edilir.
Proqramlaşdırma sistemləri maşın dilində deyil, istifadəçi üçün daha asan olan
proqramlaşdırma dillərində işləməyi təmin edir.
Maşın dili çoxsaylı əmrlər
ardıcıllığından ibarət kompüterin birbaşa başa düşə biləcəyi kodlarla işləyir. Lakin
çoxsaylı istifadəçilər üçün bu dildə işləmək əlverişli deyildir. Ona görə də təbii
dilə yaxın olan simvolik dillərdən istifadə olunur. Bu cür dillərə
proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dilində yazılan proqramlar
maşın dillərinə çevrilərək yerinə yetirilir.
Alqoritmik dillər yüksək səviyyəli dillər hesab edilir. Belə dillərdə
tərtib olunan proqramlar istənilən kompüterdə işləyir və onlarla işləmək əlverişli
və asandır. Çatışmayan cəhətləri kompüterin texniki xarakteristikalarının nəzərə
alınmasının mümkün olmaması və icrasına daha çox vaxtın sərf edilməsidir.
Alqoritmik
dillər aşağıdakı qruplara ayrılırlar:
·
məntiqi məsələlərin həlli üçün;
·
elmi-texniki və iqtisadi məsələlərin
proqramlaşdırılması üçün;
·
texnoloji proseslərin idarə
olunması və modelləşdirilməsi məsələlərinin proqramlaşdırılması üçün.
Proqramlaşdırma dilində yazılan proqram yerinə yetirilmədən əvvəl translyator adlanan proqramlar
kompleksinin köməyi ilə maşın dilinə çevrilirlər.
Translyatorlar
iki üsulla təşkil oluna bilərlər: interpretasiya və
kompilyasiya yolu ilə. Məhz buna görə də translyatoru uyğun olaraq
interpretator və ya kompilyator adlandırırlar.
İnterpretator
proqramın operatorlarını bir-bir təhlil edir və onu bütövlükdə yaddaşa yükləyir.
Bu səbəbdən də proqramın işləmə vaxtı uzanır.
Kompilyator
bütün proqramı maşın koduna çevirərək səhvlər haqqında məlumatları vaxtında
istifadəçiyə çatdırır. Burada operatorların təhlili və maşın koduna çevrilməsi
bir dəfəlik aparılır. Buna görə də kompüterin işləmə sürəti artır və proqramın
icrası prosesdən asılı olmur. Nəticədə proqramın əməli yaddaşa yüklənməsinə
ehtiyac duyulmur və əməli addaşdan digər məqsədlər üçün istifadə edilməsinə şərait
yaranır.
Tətbiqi proqramlar
İnsan fəaliyyətinin müxtəlif sahələrinə aid məsələləri həll etmək üçün
nəzərdə tutulan proqram təminatına tətbiqi proqramlar deyilir. Tətbiqi
proqramlar iki hissədən ibarətdir:
Ø
tətbiqi proqramlar paketi (TPP);
Ø
standart proqramlar kitabxanası.
Tətbiqi proqramlar paketi müəyyən
sinif məsələləri həll etmək üçün nəzərdə nəzərdə tutulmuş elə proqramlar
kompleksidir ki, kompleksin komponentlərindən biri idarəedici rolunu oynayaraq,
istifadə edilən bütün proqramların bir-biri ilə əlaqəsini təşkil etmiş olur.
Standart proqramlar kitabxanası
isə riyazi funksiyaların hesablanması,
standart məsələlərin həllini, verilənlərin emalını və sairə bu kimi işləri
yerinə yetirən proqramlardır. Bu proqramlar əvvəlcədən hazırlanaraq istifadə
üçün kompüterin yaddaşına yazılır.
Hal-hazırda ən çox istifadə edilən tətbiqi proqramlar aşağıdakılardır:
·
kompüterdə mətnlərin hazırlanması-mətn
redaktorları (WordPad, Microsoft Word);
·
cədvəl verilənlərinin emalı-cədvəl
prosessorları (Lotus 1-2-3, Microsoft Excel);
·
nəşriyyat sənədlərinin
hazırlanması-nəşriyyat sistemi (PageMarker? QuarkXpress);
·
informasiya massivlərinin emalı-verilənlər
bazasının idarə edilməsi sistemləri (Microsoft Access);
·
təqdimatların (prezentasiyaların)
hazırlanması (Microsoft Power Point);
·
iqtisadi əhəmiyyətli proqramların
hazırlanması (Финэксперт, Бухгалтерия 1С);
·
videofilmlərin, şəkillərin
yaradılması üçün proqramlar-qrafik sistemlər (Presto! Mr. Photo);
·
verilənlərin statistik təhlili
proqramları (SPSS, Statistika);
·
kompüter oyunları, öyrədici
proqramlar, tərcümə proqramları və s. (Polyqlot, PROMT).
Tətbiqi proqramlar paketi hər hansı məsələ və ya məsələlər sinfi, həmçinin
istifadəçilər üçün nəzərdə tutulan proqram vasitələrinin toplusu və ya
kompleksidir.
Tətbiqi
proqramlar paketi aşağıdakı əlamətlərə görə təsnif olunurlar:
§
tətbiq sahəsi və həll olunan məsələlər
sinfinə görə;
§
informasiyanın işlənməsi
üsullarına görə;
§
paketlərin reallaşmasın qaydasəna
görə.
Tətbiqi
proqramlar paketi tətbiq sahələri üzrə aşağıdakı kimi təsnif olunurlar:
§
əməliyyatlar sistemlərinin
imkanlarını genişləndirən tətbiqi proqramlar paketi;
§
ümumi təyinatlı tətbiqi proqramlar
paketi;
§
mühəndis, iqtisadi və sairə məsələlərin
həlli üçün istifadə olunan tətbiqi proqramlar paketi.
İnformasiyanın
işlənməsi üzrə tətbiqi proqramlar paketi üç qrupa bölünürlər:
§
üsulyönlü proqramlar paketi;
§
problemyönlü və ya problemlə bağlı
proqramlar paketi;
§
texnologiyayönlü proqramlar paketi.
Üsulyönlü tətbiqi proqramlar paketi hər
hansı üsulla (məsələn, simpleks üsulla xətti proqramlaşdırma məsələlərinin həlli)
məsələlərin həlli üçün istifadə edilir.
Problemyönlü tətbiqi proqramlar paketi hər hansı problemlə bağlı (uçot, təhlil,
audit və s.) məsələlərin həlli üçün istifadə edilir.
Texnologiyayönümlü
tətbiqi proqramlar paketi informasiyaların işlənməsi texnologiyası və məlumatların
icrası üçün nəzərdə tutulur.
Tətbiqi proqramlar paketlərini əməliyyatyönümlü və problemyönümlü paketlər
kimi də fərqləndirmək mümkündür.
Əməliyyatyönümlü
paketlər də öz növbəsində iki yerə
bölünür:
·
məlumatların işlənməsini təmin edən
paketlər;
·
məlumatların məntiqi-riyazi işlənməsini
təmin edən paketlər.
Tətbiqi proqramlar ixtisaslaşmış və inteqrasiya olunmuş proqram
paketlərinə bölünürlər. İxtisaslaşmış tətbiqi proqramlar paketi ayrıca
sahə və ya ayrıca götürülmüş məsələnin həlli üçün təyin olunmuş və istifadə
edilən proqram paketidir. İnteqrasiya
olunmuş proqram paketləri ümumi təyinatlı tətbiqi proqramlar paketi funksiyalarına
görə fərqləndirən, müxtəlif proqram paketlərini özündə birləşdirən tətbiqi
proqramlar paketidir. Müasir inteqrasiya olunmuş tətbiqi proqramlar paketi tərkibinə
mətn redaktorları, elektron cədvəllər, qrafiki redaktorlar, informasiya
bazalarını idarəetmə sistemləri və kommunikasiya sistemləri daxildir. Buraya
digər komponentləri əlavə etmək də olar. Müxtəlif komponentlərin inteqrasiya
edilməsi istifadəçi imkanlarını genişləndirir.
Fərdi kompüterin proqram təminatı
aşağıdakı sxemdə göstərilmişdir:
![]() |
Fərdi kompüterin proqram təminatı
Əməliyyat sisteminin
köməyi ilə istifadəçi-kompüter dialoqu yaranır, əməli və daimi yaddaş qurğuları
iş prosesinə qoşulur, kompüter idarə edilir və istənilən proqram işə düşür. Beləliklə,
əməliyyat sisteminin əsas funksiyası kompüterlərin ehtiyatlarının və hesablama
sistemləri proseslərinin idarə olunmasıdır. Əməliyyatlar sistemlərinə PC DOS,
OS/2,MS DOS, UNİX, Windows-u göstərmək olar.
Əməliyyat
sistemiləri yerinə yetirdikləri funksiyalarına görə üç qrupa bölünürlər:
·
birməsələli (bir istifadəçidən
ibarət) əməliyyat sistemiləri;
·
çoxməsələli (çox istifadəçidən
ibarət) əməliyyat sistemiləri;
·
şəbəkə əməliyyatlar sistemləri.
Birməsələli əməliyyat sistemiləri
bir istifadəçinin iş prosesində yalnız konkret bir məsələnin həlli üçün istifadə
edilir. Belə sistemlərə MS-DOS əməliyyat sistemini göstərmək olar.
Çoxməsələli əməliyyat sistemiləri
fərdi kompüterlərdən istifadəçilərin multiproqram vaxt bölgüsü rejimində
kollektiv istifadəni təmin edir. Bu vaxt kompüterin yaddaşında bir neçə proqram
və məsələ olur ki, mikroprosessor kompüterin resurslarını onlar arasında
bölüşdürür. Belə əməliyyat sistemilərinə UNİX, OS/2, Windows, Windows NT-ni
göstərmək olar.
Şəbəkə əməliyyat sistemiləri
lokal və qlobal kompüter şəbəkələrinin meydana gəlməsi ilə əlaqədar istifadəçinin
hesablama şəbəkəsinin bütün resurslarına müraciəti təmin edir.
Hal-hazırda İBM PC markalı kompüterlər üçün aşağıdakı əməliyyatlar
sistemi geniş istifadə olunur:
Ø
MS-DOS və onunla uzlaşan PC-DOS və
Novell Dos əməliyyat sistemləri;
Ø
Windows 3.1, Windows 3.11, Windows 95,
Windows 98, Windows 2000/NT, Windows XP, Windows Vista.
Ø
UNİX, LUNİX.
Bu əməliyyat sistemləri 8, 16, 32 mərtəbəli mikroprosessorlar üzərində
qurulmuş fərdi kompüterlər üçün yaradılmışdır.
MS-DOS
əməliyyat sistemi
MS-DOS əməliyyat sistemi İBM PC kompüterləri ilə eyni vaxta
yaradılmış və 16 mərtəbəli mikroprossesorlar üzərində qurulmuş fərdi kompüterlərdən
istifadə edilir.
MS-DOS əməliyyat sisteminin ilk versiyası 1981-ci ildə Mickosoft
firması tərəfindən yaradılıb. 1987-ci ildə bu əməliyyat sisteminin 3.3(3.0)
versiyası yaradılır və 3-4 il ən geniş istifadə edilən versiya olur. Daha güclü
kompüterlər üçün sonralar MS-DOS əməliyyat sisteminin 5.0 və 6.0 versiyaları
yaradılır. Həmin versiyalar əməli yaddaşın
640 Kbayt-dan çox tutuma, maqnit
disklərinin isə 32 Mbayt-dən artıq tutuma malik olmasına imkan verdi. 6.0
versiyası rezerv proqramlar yaratmağa, diskdəki sıxılmış informasiyalardan və
antivirus proqramlarından istifadəyə imkan verdi. Hazırda MS-DOS-un 6.20
versiyası istifadə edilir.
MS-DOS əməliyyat sistemi ilə uzlaşan PS DOS və Digital Research
firmasının DR DOS əməliyyat sisteminin 6.0 və 7.0 versiyalarından istifadə
edilir. Onların çatışmayan cəhəti diskdəki informasiyanın bir-biri ilə
uzlaşmamasıdır.
MS-DOS əməliyyat sistemi
kompüterin daimi yaddaşında saxlanan əsas idarəetmə proqramı olub, yaddaşın
proqramlar üçün bölünməsini, faylların diskdə yerləşdirilməsini, kompüter avadanlıq
və qurğularının (klaviatura, di spley, sərt disk, disk sürücüləri) daxil olan
siqnallara və işləyən proqramlara xidmətini həyata keçirir.
MS-DOS əməliyyat sistemi minimal funksiyalar yığımından ibarət
olmaqla bir nəfərin vahid proqramla işləməsinə imkan yaradırdı.
Bu sistemi hazırlayarkən iki prinsipə üstünlük verilmişdir:
Ø
MS-DOS-un ilkin və sonrakı
versiyaları üçün tərtib edilmiş proqramlar arasında uzlaşma olmalıdır;
Ø
MS-DOS-un istənilən versiyası İBM
və onunla uzlaşan istənilən kompüterlər ilə işləmə imkanına malik olmalıdır.
Hazırda Windows 95, Windows 98 və ya Windows NT əməliyyatlar
sistemindən geniş istifadə MS-DOS əməliyyat sisteminin əhəmiyyətini heçə
endirmir. Çünki:
·
çoxlu sayda yaradıcı sahələrə aid
MS-DOS-da tərtib edilən proqramlar müvəffəqiyyətlə istifadə edilir.
·
Windows əməliyyat sistemi və onun
müxtəlif versiyalarında baş verən nasazlıqların aradan qaldırılmasında MS-DOS proqramlarından istifadə edilir.
MS-DOS əməliyyat sisteminin üstün cəhətləri bunlardır:
·
geniş imkanlı əmrlər sisteminə
malikdir;
·
fayllarla ardıcıl qurğularla işlənilən
kimi işləməyin mümkünlüyü;
·
çoxsəviyyəli kataloqların təşkil
olunma imkanları;
·
əlavə qurğuları qoşarkən onların
idarəedici proqramlarının, drayverlərinin sistemə qoşulması mümkünlüyü;
·
istifadəçilər ilə dialoq müddətində
digər məsələnin həllinin mümkünlüyü;
MS-DOS əməliyyat
sistemi modul prinsipi
ilə qurulmuşdur və onun əsas hissələri aşağıdakılardır:
·
Giriş-çıxış baza sistemi (BİOS)-
kompüterin daimi yaddaş qurğusudur. Bu modul həm aparat, həm də proqram vasitələrinin
tərkib hissəsi kimi fəaliyyət göstərir. Onun köməyi ilə daxiletmə və xaricetmə
ilə əlaqədar sadə və universal əməliyyatlar sistemi həyata keçirilir. O, həmçinin
yaddaşın işini yoxlayır, əməliyyat sisteminin yüklənməsi üçün lazım olan
proqramı hazır vəziyyətdə saxlayır;
·
Əməliyyat sisteminin yükləyicisi,
ilkin yükləmə proqramı (boot record) - bu qısa proqram olub, sistem diskinin
birinci sektorunda yerləşir. Onun vəzifəsi DOS və onun digər iki modulunun
yaddaşa yüklənməsi prosesini tamamlamaqdır;
·
Disk faylları- (İO,SYS və
MSDOS,SYS). Disk faylları əməliyyat sisteminin yükləyicisi tərəfindən yüklənir
və kompüter yaddaşında daimi qalırlar;
·
Əmrlər prosessoru COMMAND.COM fayl
olub, sistem diskinin istənilən yerində saxlanıla bilər. O, istifadəçi tərəfindən
verilən əmrləri təhlil edir. Əmrə uyğun proqramı tapıb yükləyir, iş tamam
olduqdan sonra həmin proqramı yaddaşdan silir və növbəti hal üçün hazır vəziyyəti
alır;
·
DOS-un xarici əmrləri-utilitlər.
Disklərin yoxlanması, formatlaşdırılması (FORMAT.COM), çapın təşkili
(PRİNT.COM) kimi əməliyyatların yerinə yetirilməsini təmin edirlər;
·
Qurğuların idarəedici proqramları
olan drayverlər. Bu drayverlər kompüterin yaddaşına köçürülür və onların adları
CONFİG.SYS faylında göstərilir.
UNİX
əməliyyatlar sistemi:
UNİX əməliyyatlar
sisteminin üstünlüklərindən biri ondan ibarətdir ki, bu sistem sayı çox olmayan intuitiv aydın
anlayışlara əsaslanır. Əvvəldən UNIX əməliyyatlar sistemi interaktiv sistemi
kimi nəzərdə tutulmuşdur. Başqa sözlə UNİX terminal iş üçün təyin olunmuşdur. Sistemə
daxil olan istifadəçi fayl sistemi ilə işləməyə başlayır. Fayl sistemi ağacvarı
quruluşa malikdir. Ağacın kökündə qurğu və ya əsas (kök) kataloq durur. Sonrakı
şaxələnmə alt kataloqlar və fayllar üzrə aparılır. İstifadəçi adətən, fayl və
kataloqları silə, yenilərini əlavə edə və dəyişdirə bilər.
İstifadəçinin UNİX sistemi ilə işləməsi ənənəvi
olaraq əmrlər dilindən istifadəyə əsaslanır. Sistemə daxil olduqdan sonra hər
hansı əmrlər interpretatoru işə düşür. Adətən sistemdə oxşar olan, lakin əmrlər
dilindəki fərqlərə malik bir neçə əmrlər interpretatoru olur. UNİX əməliyyatlar
sisteminin istənilən əmrlər interpretatorunun ümumi adı SHELL (örtük) –dir. Çağırılmış əmrlər
interpretatoru növbəti əmrlərin daxil edilməsini tələb edir. Yeni əmrlər sətrində
yerinə yetiriləcək sadə əmrlərdən biri daxil edilməlidir. Əmrə uyğun nəticə
ekrana verildikdən sonra yenə də əmrlər sətrində yeni əmrin verilməsi üçün şərait
yaradılır. Bu prosesin başa çatdırılması üçün istifadəçi əmrlər sətrində LOGOUT
əmrini yazmalı və ya CTRL-D düymələrini basmalıdır. UNİX əməliyyatlar sistemində
hər bir istifadəçi öz sistem tərəfindən qeydiyyata alınmış unikal (təkrarlanmayan)
identifikatoruna görə (UİD- USER İDENTİFİER) tanınır. Bununla bərabər hər bir
istifadəçi istifadəçilər qrupuna (GİD- GROUP İDENTİFİER) aid olur. Hər bir
istifadəçi üçün mövcud olan UİD və GİD
sistemin uçot fayllarında saxlanılır və müraciətə uyğun olaraq yerinə
yetirilir. Aydındır ki, UNİX sistemində də sistemin adminstratoru (inzibatçısı)
da mövcud olur. Bu istifadəçiyə, yəni adminstratora uyğun olan UİD sıfırıncı
UİD adlanır. Adminstartor digər istifadəçilərə nisbətən daha çox imkanlara
malik olur. O, digər istifadəçilərdən fərqli olaraq, sistemdə dəyişiklik etməyə,
istənilən istifadəçiyə aid olan fayl və kataloqları dəyişməyə və ya ləğv etmək
imkanlarına malik olur. Adətən adminstratoru superistifadəçi (superuser) və ya
ROOT adlandırırlar. UNİX əməliyyatlar
sistemində müxtəlif proqramlaşdırma dillərindən FORTRAN, PASCAL, MODULA, ADA və
s. istifadə oluna bilər. Lakin bu sistemdə daha çox C (C++) dilindən istifadə
olunur. Bu onunla izah olunur ki, UNİX sisteminin özü C dilində hazırlanmışdır.
Bu səbəbdən də C dilində yazılan proqramlarda aparat hissəsi ilə əlaqəli işləmək
daha effektivdir.
UNİX əməliyyatlar
sistemində giriş-çıxışa istiqamətləndirmə mexanizmi güclü və eyni zamanda sadə
mexanizmlərdən biridir. UNİX interaktiv sistem olduğundan proqramlar mətn şəklində
klaviatura vasitəsilə daxil edilir və daxil edilmiş proqram mətni ekrana çıxışa
verilir. Əslində bu prinsip vasitəsilə məlumatlar fayldan alınaraq digər fayla
da verilə bilir. UNİX əməliyyatlar sistemində klaviatura
və ekranla iş də fayllarla işləmə kimi qəbul edilir. İstənilən fayla daxil olma
onun deskriptoruna müraciətlə həyata keçirilir. Deskriptor tam müsbət ədəddir.
Faylların deskriptoru 1, 2 və ya 3 ola bilər. Deskriptoru 1 olan fayl standart
giriş faylı adlanır (STDİN); deskriptoru 2 olan fayl standart çıxış faylı
adlanır (STDOUT); deskriptoru 3 olan fayl diaqnostik məlumatların standart
çıxış faylı adlanır (STDERR). Qeyd etmək lazımdır ki, ixtiyari prosesdə işə
salınan proqram özündən əvvəlki proseslərdə istifadə edilən faylların
deskriptorlarını qəbul edir. İstənilən çoxistifadəçi
əməliyyatlar sistemi kimi UNİX əməliyyatlar sistemi də istifadəçilərin
bir-birindən mühafizəsi, sistem verilənlərinin kənar istifadəçilərinin müdaxiləsindən
qorunması üçün nüvəyə malikdir. Bu sistem nüvəsi kompüter resurslarını idarə
edir və istifadəçilərə baza xidmətlər yığımını təklif edir.
·
yaddaşın idarə edilməsi;
·
nüvə və istifadəçi rejimləri
arasında kontekst proseslərin birindən-digərinə keçidin təmini;
·
qurğuların drayverlərinin
sistemin əsas platforması ilə əlaqələndirilməsi.
UNİX əməliyyatlar sisteminin
nüvəsinin əsas funksiyaları aşağıdakılardır:
a)
Sistemin insalizasiyası- işə salma
və açılma (bootstrap) funksiyası. Bu funksiya tam nüvəni kompüterin yaddaşına
yükləyir və nüvəni işə salır.
b)
Proseslərin idarə edilməsi;
c)
Yaddaşın idarə edilməsi.
d)
Fayl sisteminin idarə olunması;
e)
Kommunikasiya vasitələri. Bu
vasitələr eyni bir kompüterdə proseslər arasında verilənlərin mübadiləsini,
lokal və qlobal şəbəkələrə verilənlərin ötürülməsini və proseslərlə xarici
qurğuların drayverləri arasındakı əlaqəni təmin edir.
f)
Proqram interfeysi- istifadəçinin
funksiyalar və çağırışlarla nüvənin imkanlarına daxil olmasını təmin edir.
Windows əməliyyatlar
sistemi:
MS-DOS-da idarəetmə
sisteminin sadəliyi, əmrlər interfeysinin narahatlığı, disket-lərdə olan fayl və
kataloqların proqramları işə salan ləvazimatlarla idarə olunması və s. bəzi
proqramçıları onlara lazım olan ləvazimatları tərtib etməyə, ya da müxtəlif
proqramlar kitabxanasından istifadə etməyə məcbur edirdi. Digər tərəfdən müxtəlif
proqramlara müraciət etməyin özü və müxtəlif proqramların istifadəçi tərəfindən
eyni vaxtda istifadə olunması çox çətinlik yaradır.
Buna görə də
çoxpəncərəli qrafik interfeysə malik örtük proqramları yaradılırdı. İlkin
olaraq belə interfeysli ilk əməliyyat sistemini Macintosh tipli kompüterlər
üçün Apple Computer firması hazırladı. Sonra 1992-ci ildə Microsoft firması
kütləvi istifadə olunan IBM PC tipli kompüterlərdə istifadə olunan MS-DOS əməliyyat
sistemləri üçün qrafik Windows 3.0 örtük proqramını yaratdı. Tezliklə firma fərdi
istifadə üçün Windows 3.1, lokal şəbəkədə
istifadə üçün Windows 3.11 for Workgroup proqramlarını hazırladı.
Microsoft
firmasının 1995-ci ilin avqust ayında istehsal etdiyi yeni variantı Windows 95
adlandıracağını elan etməsi kompüter istifadəçiləri üçün bir sürprizə çevrildi.
Elan edilən sürpriz bununla tamamlanmırdı. Çünki firma Windows 95-i kompüter
bazarına çıxararkən sistemin gözlənildiyindən də artıq yeniliyə sahib olduğunun
və müstəqil bir əməliyyat sistemi kimi işlədiyinin şahidi oldu.
1998-ci ildə
Microsoft firması tərəfindən yeni Windows 98 əməliyyat sistemi yaradıldı.
Sonrakı illərdə firma öz imkanlarının genişlənməsindən istifadə edərək
Windows-un yeni variantlarım (Windows NT-2000, Windows XP) kompüter istifadəçilərinə
təqdim edir.
Windows-un hər
növünün bir neçə variantı - Amerika, panavropa və bəzi dövlətlərin öz lokal
variantları vardır. Bu variantlar aşağıdakılardır:
·
Amerika variantları
ingilis dilli interfeysə malikdir və ABŞ-da işləmək üçün nəzərdə tutulub. Başqa
dilli proqramlarla işləmək imkanı yoxdur;
·
Panavropa variantı
ingilis dilli interfeysə malik olmaqla yanaşı, tərkibinə Avropa dillərində işləmək
üçün proqram vasitələri daxildir;
·
Bəzi dövlətlər üçün
Microsoft firması əməliyyat sisteminin lokal variantını təklif edir. Bu
proqramların əmrlər dili və qrafik interfeysi həmin dövlətin dilindədir.
Windows əməliyyat sistemlərini əsasan iki qrupa bölmək olar:
·
Fərdi kompüterdə
istifadə üçün (Windows-un 3.1, 95, 98, 2000 və Millenium variantı);
·
Lokal və qlobal şəbəkədə istifadə üçün (Windows 3.11, Windows NT Server
and Workstation, Windows 2000 Professional).
Birincidən,
adından bəlli olduğu kimi, lokal şəbəkə olmayan sahələrdə istifadə edirlər.
Bunlar üçün həddindən artıq tətbiqi proqramlar tərtib edilmişdir. İkincidən isə
lokal və qlobal şəbəkələrin qurulduğu yerlərdə istifadə edilir.
Windows-un üstün cəhətləri:
Ø proqramın xarici qurğulardan asılı olması.
Windows və DOS
arasında əsas fərq ondan ibarətdir ki, DOS proqramı (DOS-a ehtiyac olmadan)
kompüter avadanlığı (displey, klaviatura, printer və s.) ilə birbaşa işləyə
bilir. Windows mühitində işləyən proqramlar isə xarici qurğulara Windows-un köməyi
ilə müraciət edir. Deməli, Windows bütün işləri, yəni konkret xarici qurğularla
uzlaşma problemini öz üzərinə götürdüyü üçün tədqiqatçının konkret xarici
qurğularla birgə işləməsinin təmin olunması problemi aradan götürülmüş olur.
Odur ki, Windows proqramı konkret xarici qurğulardan asılı olmur və qurğularla
o zaman əlverişli işləyir ki, bu qurğular müstəqil olaraq Windows-la işləyə
bilirlər. İş prosesi zamanı ən çox istifadə edilən avadanlıqların işini lazımi
səviyyədə saxlamaq üçün drayverlər Windows-un tərkibinə daxil edilir.
Ø istifadəçi interfeysinin yaradılması üçün avadanlıq.
Windows-a
istifadəçi interfeysinin yaradılması üçün lazım olan funksiyalar: pəncərələr,
menyu, sorğular, siyahılar və s. daxildir. Buna görə də Windows-un istifadəçi
interfeysi ən yaxşı nümunələrdən biri sayılır və bu mühitdə işləyən digər proqramlar
Windows-un funksiyalarından istifadə edir.
Ø əməli yaddaşdan tam istifadə.
DOS-dan fərqli
olaraq Windows-da kompüterin əməli yaddaşı tam həcmdə istifadə edilir. Bu isə həcmli
proqramların qurulmasını asanlaşdırır.
Ø proqramlar kitabxanasının dinamik quruluşu.
Windows-da
proqram tərtib edərkən, proqramlar kitabxanasından Windows-un köməyi ilə istənilən
proqramı götürüb istifadə etmək olur, yəni seçilmiş proqramı kompüterin yaddaşına
yükləmək mümkündür.
Ø vahid istifadəçi interfeysi.
Windows istifadəçi
interfeysini yaratmaq üçün proqramçıları lazım olan bütün ləvazimatlarla təmin
etdiyindən, iş prosesi zamanı proqramçılar bu ləvazimatlardan tam istifadə
edirlər. Belə geniş imkanların onlara verilməsi istifadə üçün analoji ləvazimatlar
yaratmağa sövq etmir. Nəticədə Windows proqramının istifadəçi interfeysi müəyyən
dərəcədə daima təkmilləşir və istifadəçiyə istənilən proqramlar arasında əlaqə
yaratmağa imkan verir. Bundan əlavə, istifadəçi kompüterdə istifadə edilən hər
bir proqramı ayrıca öyrənməyə ehtiyac duymur.
Ø çoxlu sayda məsələlərin eyni anda həlli.
Windows müxtəlif
sayda proqramların eyni zamanda həll edilməsinə və onlar arasında məlumat
mübadiləsinə imkan yaradır. Digər tərəfdən Windows-da bir proqramın və ya məsələnin
həllindən digərinə keçmək mümkündür.
Ø DOS əlavələri ilə uyğunluq.
Windows elə
qurulmuş sistemdir ki, onunla işləyərkən DOS proqramlarına müraciət etmək və ya
DOS proqramı ilə işləmək lazımdırsa, bu işləri Windows-dan çıxmadan həyata
keçirmək mümkündür. Amma onu da qeyd etmək lazımdır ki, DOS proqramları
Windows-un təsiri altında icra olunarkən onlar aşağı sürətlə işləyirlər.
Ø verilənlərin mübadiləsi buferindən (clipboard) istifadə.
Windows-un müxtəlif proqramları arasında
verilənlərin dəyişməsini
aşağıdakı üsullarla təşkil etmək olar:
·
müəyyən
proqramın verilənlərini buferə yerləşdirib, digər proqram üçün verilənlər lazım
olarsa, buferdəki verilənlərdən istifadə etmək olar;
· verilənlərin dinamiki dəyişməsi (Dynamic Data Exchange, DDE), yəni
başqa proqram üçün hazırlanmış verilənlər digər proqram üçün də istifadə edilə
bilər. Orijinal proqramda olan verilənləri həmişə "təmizləmək"
mümkündür;
· əlaqə mexanizmi, yəni bir proqramdan digərinə keçmək çox asanlıqla
başa gəlir. Məsələn, qrafik redaktor vasitəsilə displeydə alınmış şəkli
Mouse-un sol düyməsini iki dəfə basmaqla başqa lazımi proqrama keçirmək olar.
Windows-dan
istifadə etməklə istifadəçi mürəkkəb məsələlərin həllini asanlaşdırır və belə məsələlərin
həlli üçün tələb olunan çoxlu sayda proqramların əvəzinə bir proqramdan istifadə
etmiş olur.
Ø miqyaslaşdırılmış şriftlərin əldə edilməsi.
Təcrübədə müxtəlif
işləri görməkdən ötrü müxtəlif ölçülü şriftlərdən istifadə etmək lazım gəlir.
Windows 3.1-ə qədər belə işlərin həyata keçirilməsi çoxlu sayda problemlər ilə
bağlı idi və çətinliklə başa gəlirdi. Windows-da bu problem True Type şriftlər
formatından istifadə etməklə həddindən artıq asanlaşmışdır. Bu formatın göməyi
ilə istənilən forma və ölçüdə şriftləri displeyin ekranına çıxarmaq və nəhayət,
printerdə çap etmək mümkündür.
Ø əlavə qurğularla əlaqənin sadəliyi.
DOS-dan fərqli
olaraq Windows-da istənilən xarici qurğunu həmin qurğunun drayveri vasitəsilə
kompüterə qoşmaq mümkündür (DOS-da bu işləri yerinə yetirmək üçün hər bir
qurğunun qoşulma proqramını DOS-a sazlamaq tələb olunur ki, bu da istifadəçi
üçün müəyyən çətinliklər əmələ gətirir).
Ø multimedia imkanları.
Windows-un təkmilləşdirilmiş
xüsusiyyətlərindən biri multimedianın saxlanmasıdır. Yəni Windows-un müəyyən qurğularına
mikrofon, kompakt-disk və ya MIDI sintezator, videokamera, səs ilə müşaiyyət
olunan təsvirlər qoşmaq mümkündür. Belə imkanların olması kompüterdən
qeyri-ixtisasçıların da istifadə etməsinə, təlim və oyun proqramlarının təşkilinə
böyük imkanlar yaradır.
Ø əməli yaddaşın daha səmərəli istifadəsi.
Əvvəlki
proqramlara nisbətən əməli yaddaşla iş elə qurulur ki, istifadəçi üçün yaddaş
çatışmazlığı problemi aradan qalxmış olur və əlavə olaraq:
·
Windows Explorer
proqramının tətbiqi qurğular və fayllarla aparılan əməliyyatları sadələşdirir və
əyani edir;
·
Windows mühitində işləyən
proqramların idarə olunmasının eyniliyi proqramların əmrlər sistemini eyniləşdirir,
yəni File, Edit, View və s. menyu əmrləri demək olar ki, bütün proqramlar üçün
eynidir;
·
Plug and Play
prinsipinin tətbiqi kompüterə qoşulan qurğuların tapılması prosesini
avtomatlaşdırır.
Windows-un çatışmayan çəhətləri
Kompüter
texnikasında istifadə edilən istənilən proqramın müsbət və ya mənfi cəhətləri
olduğu kimi, Windows proqramının da belə xüsusiyyətləri vardır:
1. Windows-un əsas mənfi cəhəti ondan ibarətdir ki, yuxarıda göstərilən
müsbət cəhətləri əldə etmək üçün aparat təminatına düşən yükü çoxaltmaq
lazımdır. Qrafik interfeys, miqyaslı şriftlərin əldə edilməsi, mürəkkəb məsələlərin
həlli və s. güclü mikroprosessorun olmasını, əməli yaddaşın və disk sahəsinin
genişləndirilməsini tələb edir. Baxmayaraq ki, Windows ilə işləmək üçün formal
olaraq əməli yaddaş 2 Mbayt, sərt diskdə isə tutumu 10-12 Mbayt olan 80386
mikroprosessoru kifayətdir. Həqiqətdə isə bu işi yerinə yetirmək üçün əməli
yaddaşı 4 Mbayt-dan, sərt diskdə yaddaşı 40 Mbayt-dan az olmayan 80486
mikroprosessorundan istifadə etmək əlverişlidir. Kompüterdə Windows və Windows əlavəsi
ilə rahat işləmək üçün əməli yaddaş 8 Mbayt, sərt disk yaddaşı isə 80-100
Mbayt-dan az olmayan 80486 mikroprosessorundan istifadə etmək lazımdır.
2. Windows-un digər mənfi cəhəti DOS-a nisbətən
istənilən məsələnin həllinə vaxtı çox sərf etməsidir. Məsələn, DOS proqramı
kompüterdə məsələni həll etmək üçün Windows-dan 1.5-2 dəfə tez işləyir.
3. Windows əslində çoxməsələli sistem deyil:
a) Bir məsələnin
həlli üçün lazım olan proqram bütün Windows proqramlarından asılı olur;
b) Əməli və
disk yaddaşın böyük tutuma malik olmasına baxmayaraq, Windows 3-4 sayda
proqramı eyni vaxtda həll edə bilmir;
4. İstənilən proqramın xarici qurğularla işləməsi
birbaşa Windows-da həyata keçirilir, bəzi hallarda isə xarici qurğularla
intensiv işləyən proqramlar üçün bu hal qəbuledilməzdir.
Bütün göstərilən mənfi
cəhətlər Windows-un qiymətini heç də aşağı salmır və onu göstərir ki, Windows
heç də universal proqram deyil.
Hiç yorum yok:
Yorum Gönder